Qorxunun xofundan yaranan problemlər
Cəmiyyətin problemləri artıq insanımızı boğaza yığıb. Hamının daxilində potensial bir etiraz formalaşıb. Amma bizim insanımızda hələ də qorxunun xofu vardır. Bunu dəf etmək olduqca çətindir. Hamı kimisə qorxaqlıqda ittiham edir. Amma bəlkə onun özü də qorxaqdır və bununla da hər gün rastlaşdığı problemlərin stresini özündən kənarlaşdırmaq istəyir. Axı kənarda düşmən axtarmaq və düşmən obrazı formalaşdırmaq geniş yayılmış praktikadır.
Amma bu konteksdə bizim müxalifət nə edir? İnsanların etirazını, enerjisini bir araya toplamaq əvəzinə bir-biriləri ilə didişməkdədir. Hamı bir-birini ittiham edir nədə sə. Bu yaxınlarda Facebook sosial şəbəkəsində dostlarımızın bir “AD ÇƏK” kompaniyası aparıldı və bu eyni zamanda Twitter-də ad çək hashtagı altında edildi. Çünki hamı nədənsə narazılıq edəndə ümumi olaraq kimisə ittiham edir. Ancaq konkret məsələyə gəldikdə isə ad çəkmir. Dediyim kimi bütün sahələrdə qorxunun xofu vardır. İnsanımız hər şeydən qorxur, çəkinir. Adama deyərlər ki, səni asan, kəsən yoxdur ki? Əgər sözünü demək istəyirsənsə, çəkinmədən de də… Kimə deyirsən bunu. Görünən odur ki, heç bir faydası yoxdur.
İctimai Palatanın son daxili seçkilərində kimin kimə səs verməsi son günlərin ən aktual problemi olub? Əgər demokratiyadan danışırsınızsa, bunun heç bir əhəmiyyəti yoxdur. Kimin nəyinə gərəkdir ki, bununla maraqlansın. Amma yox. Hökumətin siyasi texnoloqlarının hazırladığı bütün oyunlara gedirlər. İstənilən provakasiya getməklə, diqqəti əsas məsələdən uzaqlaşdırırdılar. Əgər əvvəl dindar-ateist məsələsi idisə, indi də AXCP üzvlərinin Musavat liderinə səs verməməsi kimi cılız məsələ internet portallarda, xəbər saytlarında dolaşır. Müxalifət daxili parçalanma güclənir. Əgər bu tendensiya ilə gedəcəksinizsə, onda sizi sadə vətəndaş da dəstəkləməyəcək. Axı niyə də dəstəkləməlidir? Siz bir cılız məsələdə bir-birininizin az qala ətini yeməyə belə hazırsınız. Ona görə də çalışın ki, sadə vətəndaşın dəstəyini ala biləsiniz və onlarda qorxunun xofunu dəf edə biləcək yenilik gətirəsiniz…



